Xuraman Muradova - Allahım, bağışla məni! TDKŞB · 09.10.2025 Əzabından əhvinə sığındığım, Qəzəbindən sevginə sığındığım, Səndən yenə, ey sənə sığındığım, Qapına gəlmişəm, bağışla məni. Lütfinlə könlümü hidayət eylə, Ədalət yolumu həqiqət eylə, Günahım çoxdursa mərhəmət eylə, Qapına gəlmişəm bağışla məni. Sən haqsan, mən sənə gələn bir yolam, Sevgindən açılan qanadam, qolam Sənə itaətkar bəndənəm, qulam, Qapına gəlmişəm bağışla məni. Açdım dərgahına xoş əllərimi, Allahım, qaytarma boş əllərimi, Götürüb arzumu, diləklərimi Qapına gəlmişəm bağışla məni. Ey Rəbbim, rəhm elə məğfirətinlə, Mən Sənə bağlıyam sədaqətimlə, Sən ümid yerimsən, saf niyyətimlə, Qapına gəlmişəm bağışla məni. — https://www.tdksb.org/works/xuraman-muradova-allahim-bagisla-meni