Xuraman Muradova - BƏLKƏLƏRİN SÜKUTU… TDKŞB · 29.06.2026 Gecə yarısıdır, şəhər lal axır, Kölgən pəncərəmdə dayanıb baxır. Xatirə masama bir sükut axır, Şeirlər ruhumda tək qalıb, bəlkə. Yorğun addımlarım illərin yükü, Hər köçən fəsildə itirdik ilki. O uca sevgidən ucalan mülkü, Zaman öz əliylə yox edib, bəlkə. Uzaqdan qəribə bir nəğmə dinər, Səsi ürəyimə sızıltı sərər. Sinəmdə odlanan bu gizli qəhər, Sənin yoxluğundan rəng alıb,bəlkə. Sındı sığınacaq, o liman itdi, Bərk rüzgarlar əsdi, sükut da getdi. O məğrur günlər də yuxutək bitdi, Ömrün baharına qar yağıb, bəlkə. Güzgüdə gördüyüm o solğun baxış, Taleyin yazdığı qəribə naxış. Bir gediş başladı, bir leysan yağış… Sükutla hər şeyi bitirdim, bəlkə. ###XuramanMuradova #Xuraman Muradova #Şair ## — https://www.tdksb.org/works/xuraman-muradova-belkelerin-sukutu