Xuraman Muradova - BİR GÜN GEDƏRİK TDKŞB · 28.09.2026 Ömür bir əmanət, dünya bir yalan, Nə qədər sarılsaq, saxlamaz cahan. Biz də bir yolçuyuq, ömür bir karvan Hər şeyi buraxıb bir gün gedərik… Yarımçıq sözləri qoyub dodaqda, Bir isti nəfəsi qoyub otaqda, Bir cüt yaşlı gözlər qalar soraqda Dönməz bir səfərə bir gün gedərik. Nə şöhrətlər gedər, nə var, nə sərvət, Bizdən tək yadigar qalacaq hörmət. Bir könüldə sevgi, bir dildə rəhmət Xatirə qoyaraq bir gün gedərik. Bir şəkil boylanar səssiz divardan, Bir tanış qoxumuz keçər bahardan, Adımız çəkilər kövrək dodaqdan Bir nisgil buraxıb bir gün gedərik. Xuraman, nə qalar ömürdən, candan? Bir dua səslənər bəlkə uzaqdan. Adımız silinsə belə zamandan Bir könüldə qalıb bir gün gedərik… — https://www.tdksb.org/works/xuraman-muradova-bir-gun-gederik-4ti1o96