Xuraman Muradova - Bu gecə qarşıma çıxan çiçək TDKŞB · 11.10.2025 Bu gecə yoluma çıxdın — qəribə bir sükutla. Nə bahar gətirdi səni, nə də külək umudla… Bir sakit nəfəs kimi Sən toxundun ruhuma Tanımasam də səni Doğma gəldin ruhuma. Yaşıllıqdan gəlmisən, bəlkə dağ ətəyindən, Bir az torpaq qoxulu, bir az da incəsən sən… Gözümə baxdın sanki — “Mənə verdin bir nəfəs.” Bu gecə nə yuxum var, nə yatmağa bir həvəs... Uzaq yollardan gəlib şəhərdəmi bitmisən... Yoxsa mənsiz darıxıb Harayıma yetmisən... Əlimə aldım səni — yanan qəlbim oyandı... Ləçəklərin titrədi, içimdə sevdam yandı. Bilmirəm adın nədir — Çiçək,xatirə,sirrmi? Səni mənə yetirən bəxtimmi taleyimmi? Bəlkə sabah solarsan, bəlkə ömrün bir qarış… Bu gecə qonağım ol, Təkcə ruhumla danış.... — https://www.tdksb.org/works/xuraman-muradova-bu-gece-qarsima-cixan-cicek