Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xuraman Muradova - ƏN GÖZƏL SEVDAM SƏCDƏ
Şeirlər · Azərbaycan dili

Xuraman Muradova - ƏN GÖZƏL SEVDAM SƏCDƏ

Gecə ruhum göyə qalxar, dilim zikr, könlüm dua,

Alnım dəydikcə torpağa, qəlbimə dolar nur, səfa,

Nə bir hicran, nə bir dünya verə bilməz belə şəfa,

Ən böyük dostum Allah, ən gözəl sevdam səcdə.

Sükutunda min kəlam var, hər nəfəsdə sirri-Xuda,

Göz yaşım inciyə dönər, süzülərkən səcdəgaha,

Məni məndən alıb gedər, yaxın eylər o Allaha,

Ən böyük dostum Allah, ən gözəl sevdam səcdə.

Qiyam ömrün imtahanı, rüku nəfsin sınma yeri,

Səcdə eşqin uca halı, könlün Haqqa dönmə yeri,

Nə taxt istər, nə tac könlüm — Rəbbim olsun son mənzili,

Ən böyük dostum Allah, ən gözəl sevdam səcdə.

Bir gün sönsə gözlərimdə bu dünyanın danı, sübhü,

Son nəfəsdə zikrin olsun könlümün ən şirin möhürü,

Alnım torpaqda söyləsin ruhumun sonuncu sözü:

Ən böyük dostum Allah, ən gözəl sevdam səcdə.

— TDKŞB, 2 oktyabr 2026

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.

Digər şeirlər

Hamısına bax