Xuraman Muradova - GƏL, LAÇINA GEDƏK, NƏNƏ TDKŞB · 29.10.2026 Sandığı açdım. Hamı getmişdi, bir sənin yaylığın qalmışdı — illərdir baş çəkilməyən bir ev kimi səssiz, qapalı… Nənəmin yaylığını açdım — qatları arasında bir söz qalmışdı. Mənasını unutmuşdum, deyilişində hələ uşaq idim. Bir ucunu dizimə sərdim, bir ucu yerə toxundu. Düyünü açmağa əlim gəlmədi — bəlkə, söz oradan tökülərdi. Yaylığı üzümə çəkdim. İnsan bir qoxuya bu qədərmi sığınarmış? Bu qədərmi yol gedərmiş yerindən tərpənmədən — bir anda uşaqlığına çatarmış… Gəl, Laçına gedək, nənə… Yenə yanında idim. Başım dizinin üstündə, əlin saçlarımda. Söyləyərdim: — Ay nənə… Məni qucaqlayardın, saçlarımı öpərdin. Deyərdin: — Sənin çoxlu qohumların var, balam. Elin var, oban var Laçında… Mən də çox sevinərdim. Elə bilərdim, uzaqda bir ev var, içində hamı məni gözləyir. Nə vaxt qapısını döysəm, deyəcəklər: — Gəl, ay bala, sən niyə belə gec gəldin? Gəl, Laçına gedək, nənə… Nənə… Ay nənə… İndi atam da yoxdur. Adlarını səndən eşitdiyim doğmalarım da gedib. Kaş o vaxt sən danışanda başımı dizindən qaldırmayaydım. Bir-bir öyrənəydim adlarını, evlərinin yolunu… İndi kimdən soruşum? Kim mənim üzümə baxıb atamı xatırlayar? Kim deyər: — Gözlərin… Gözlərin elə onunkudur. Bu bircə cümlə üçün nə qədər yol gedərəm, nənə, nə qədər qapı döyərəm… Gəl, Laçına gedək, nənə… Bir də mis samovar qalıb səndən. Əlini üstünə çəkib deyərdin: — Babalarından yadigardır, bəy babalarından… O dağlarda az ocaq görməyib bu samovar, xoşbəxt günlərimizin çoxuna şahid olub. Sən danışdıqca samovara baxardım. Elə bilərdim, içində su yox, o günlər qaynayır. Qapağını qaldırsam, hamınızı bir süfrənin başında görəcəyəm. İndi o mis samovar mənim bağımdadır, nənə. Hər dəfə od salıb çay qaynadanda səsini gözləyirəm. Əvvəl asta-asta dillənir, sonra elə bil uzaqdan bir söhbət gətirir. Buxarı üzümə toxunur — sənin qoxunu alıram. Bir anlıq əlini çiynimdə duyuram, elə bilirəm, indicə deyəcəksən: — Çayını iç, balam, soyumasın… Fincan əlimdə, çay soyuyur. Mən o bircə anın keçməyini istəmirəm. Kaş bir dəfə də qarşında çay süzəydim. Bu dəfə sən danışaydın, mən heç yerə tələsməyəydim. Samovar soyuyana qədər, axşam bağa enənə qədər qulaq asaydım sənə… Gəl, Laçına gedək, nənə… İndi Laçın dağlarında izinizə düşürəm. Meşələrin qoxusunu içimə çəkirəm. Nəm torpağın, yarpaqların arasında tanış bir qoxu duyuram — üzümü yaylığına sıxdığım o axşam yadıma düşür. Bir cığırın başında dayanıram: bəlkə, buradan keçmisən. Bir ağacın kölgəsinə sığınıram: bəlkə, babam burada dincəlib. Daşların üstünə əlimi qoyuram. Daşlar soyuq… Əlimin altında sizdən qalan bir istilik axtarıram. Laçın dağları öz vüqarında yaşadır sizi. Sizin baxdığınız göyə baxır, sizin getdiyiniz yolları sinəsində saxlayır. Mənə ünvan deyə bilmir, amma hər döngəsində dayanıb gözləmək istəyirəm. Bəlkə, kimsə gələr. Bəlkə, uzaqdan adımı çağırarlar. Mən də dönüb həsrətlə, heç böyüməmiş kimi «Mən gəlmişəm» deyərəm… Gəl, Laçına gedək, nənə… Axşam yaylığın yenə dizimin üstündədir. Yerə toxunan ucunu yavaşca qaldırıb sinəmə sıxıram — yerini ürəyimin yanında bilirəm. Bağda mis samovar asta-asta soyuyur. Son közün işığı misin üzündə titrəyir. Əlimi üstünə qoyuram — hələ istidir. Bir az da saxlayıram əlimi… Sonra başımı yaylığının üstünə qoyuram. Bu dəfə mən səni ovudurmuş kimi qucaqlayıram onu, nənə. Düyününü açmıram kəlağayının, qoy o söz içində qalsın. Dünyada məni sənin səsinlə «balam» çağıran bircə o qalıb… Gəl, Laçına gedək, nənə… Bir də «balam» de mənə… Bu yaşımda da sənin balan olmağa ehtiyacım var, nənə. Elə bil bütün dünya çiyinlərimə çökür, mən isə hələ də sənin səsinə sığınıram. Başımı dizinə qoyub səssiz-səssiz ağlamağa, illərdir içimdə gizlətdiyim bütün ağrıları sənin mərhəmətli əllərinə əmanət etməyə, əlinin saçlarımda gəzməsinə elə ehtiyacım var ki… Mən də heç nə demədən sənə sarılacağam. Amma səhər açılır və mən yenə sənsizliyə oyanıram. Gəl, Laçına gedək, nənə… Bəlkə, orada məni gözləyənlər var, nənə… Bəlkə, gözlərimdən tanıyarlar. Atam həmişə deyərdi: — Sən anamın özüsən, gözlərin də anamın gözləri rəngində — ala gözlüsən. «Ağ göyərçinim», — deyərdi mənə. Bəlkə, Laçın dağları o ağ göyərçini gözləyir… Gəl, birlikdə dönək o Laçın dağlarına. Əvvəl Hoçaza gedək, nənə, Hoçaza… Sənin danışdığın adamları orada soraqlayaq. Sən əlimdən tut, evimizin yerini göstər. Mən astadan «Biz gəlmişik» deyim — bəlkə, Hoçazda bir qapı səsimizə açılar… Gəl, Laçına gedək, nənə… Minkəndə də baş çəkək, Kürdhacıda dayanaq, Avazlarda bir doğma səs axtaraq. Sonra yenə Hoçaza dönək — bir az da qalaq orada, nənə, bir az da… Səhər açılanda əlimdə kəlağayın, qulağımda səsin qalsın: — Gəl, balam… Hoçaza çatmışıq. Yurdumuzu dağıdanlar çox izimizi sildilər, nənə… Amma ocaqlar vəfalıdır — külünün altında hələ közümüz qalıb, bizi gözləyir. Bəy babalarımın ruhu o yurdda yolumuzu gözləyir. Gəl, Laçına gedək, nənə… Çoxları bəlkə də sıradan bir yolçu bilər, bilməz ki, mən bu torpağa öz doğmalarımı soraqlamağa gəlmişəm. Sən bircə «balam» de, nənə — qoy bilsinlər, kimin nəvəsiyəm, hansı ocağın yadigarı… Hoçazda bəy babalarımın yurduna dönək. Sənsiz tanımaz o dağlar məni — sən danış, mən gözlərimdə səndən qalan işığı göstərim. Gəl, tut əlimdən, gəl, Laçına gedək, nənə… — https://www.tdksb.org/works/xuraman-muradova-gel-lacina-gedek-nene-pgyqheu