Xuraman Muradova - İndi inandınmı? TDKŞB · 10.04.2026 “Mələksən”deyərdin hər zaman mənə, Deyərdin: ki, küsmək bizə yasaqdır. İnanardıq o sevginin gücünə, Sanardıq ayrılıq bizdən uzaqdır. Mənsə sakit-sakit deyərdim hərdən: “Bəlkə bir gün gələr, ayrılarıq biz…” İndi o kədərlə mən üz-üzəyəm, İndi sahillərdə təkdi izimiz. Bax, indi ayrıyıq, sükut danışır, Yollar da ayrılıb uzağa gedir. Köhnə xatirələr oda alışır, Həsrət ürəyimi imtahan edir. İndi inandınmı bu ayrılığa? Ayrılıq – o vədin bitdiyi yerdir. Qərq olub o sonsuz, lal qaranlığa, Demək, bu taleyin yazdığı birdir. Bildinmi sevməkdə ayrılmaq da var? Ayrılıq bu imiş – uzun bir zaman… Dünən mələk olan, bu gün çox uzaq, Aramızda qaldı ağır imtahan. Gözlərin dolmuşdu o son baxışda, Dilin “getmə” deyib, ürəyin susdu. İslanmış arzular soyuq yağışda, Bizə taleyimiz pusqu qurmuşdu. “Başqa yol yox…” dedim, kədərlə baxdın, İmkansız bir dərdi bölüşdük yarı. O “mələk” kəlməsi göylərə axdı Doldurdu boşluğu həsrət qubarı. İnanmazdın mənə… bax, indi inan — Ayrılıq o yaşlı gözlərdə qaldı. Bizdən gerçək deyil, xəyaldan olan Xatirələr dolu bir sevgi qaldı… Xatirələr dolu bir sevgi qaldı… — https://www.tdksb.org/works/xuraman-muradova-indi-inandinmi