Xuraman Muradova - NİZAMİDƏN NƏVAİYƏ Nizami Gəncəvi və Əlişir Nəvainin xatirəsinə TDKŞB · 29.10.2026 Ey Nizami, eşqə düşmüş könlə sultan eşq imiş, Ey Nəvai, dərdlə dolmuş qəlbə dərman eşq imiş. Ey Nizami, hikmətinlə açdın insan qəlbini, Hər nəsihət qəlbə nurdur, nuri-irfan eşq imiş. Şah da bir gün eşq əlindən taxtı vermiş bir gülə, Şahı məğlub eyləyən bir gizli fərman eşq imiş. Nalə çəkmiş çöldə Məcnun, daş da dərdin dinləmiş, Hər fəğanda qəlbə çökmüş dərdi-hicran eşq imiş. Yeddi rəngin hər birində başqa bir dünya gülər, Rəng içində rəngə sığmaz hüsnü-canan eşq imiş. Şah da bir gün haqq önündə hökmünü təslim edər, Əqlə bağlı hər könüldə canlı vicdan eşq imiş. Ey Nəvai, hər nəsihət qəlbə bir yol göstərər, Nəfsə qalib pak könüldə nuri-iman eşq imiş. Dağda Fərhad dərdlə yanmış, daş da ondan dərs alar, Bir külüngün naləsində canlı dastan eşq imiş. Ey Nəvai, eşqə düşmüş qəlbə sərhəd çəkmədin, Hər kədərdə səbrə dönmüş əhdi-peyman eşq imiş. Hər hekayət başqa bir rəng, hər səfər bir dərs verər, Yeddi yoldan qəlbə gəlmiş nurlu karvan eşq imiş. Zülmə qarşı sədd ucalmış, xalq üçün bir yurd olub, “Xalqı hifz et!” söyləyən səs, yurda aman eşq imiş. “Sirlər xəzinəsi”ndə parlayan irfan eşq imiş, “Heyrətül-əbrar”da göstərilən ünvan eşq imiş. “Xosrov və Şirin”də sevda tacı-taxtı unudar, “Fərhad və Şirin”də daşdan qopan əfqan eşq imiş. Nizaminin “Leyli və Məcnun”u dərdin səsidir, Nəvai, “Leyli və Məcnun”da hər bəyan eşq imiş. “Yeddi gözəl” yeddi rəngdə könül sirrin söyləyər, “Səbeyi-səyyar”da ruhu saran seyran eşq imiş. “İsgəndərnamə”də hikmət şahlara yol göstərər, “Səddi-İsgəndəri”də haqq üçün qalxan eşq imiş. Gəncədən doğmuş o işıq Heratın könlündə yanmış, İki ustadın sözündə eyni canan eşq imiş. Ey Xuraman, söz yolunda bir çıraq yandır bu gün, Əsrlərlə yaşayan nur, ruhi-cahan eşq imiş. Eşq imiş… Eşq imiş… — https://www.tdksb.org/works/xuraman-muradova-nizamiden-nevaiye-nizami-gencevi-ve-elisir-nevainin-xatiresine-c3s5xzc