Xuraman Muradova - Ötəri nağıl TDKŞB · 21.07.2026 Biz görüşdük, amma təsadüfən, gec, Heyf ki, geriyə dönmür o çağlar. Nə qədər kədərli olsa da, heç vaxt Dost da ola bilməz biztək insanlar. Görüşdü ruhumuz hər kəsdən uzaq, Sevgi sorağında, sevgiyə möhtac. Xoşbəxtlik sadəcə arzuya döndü, Əlimizdən gələn bu idi ancaq. Bir pərdə çəkildi, nağıla döndü, Açılmadı heç vaxt sirli qəlbimiz. Əlçatmaz arzutək yaşandı, söndü, İllər sonra gələn o saf sevgimiz. Daha xəyal kimi, hər şey uzaqda, Keçmişin qapısı bağlandı birdən. Yalnız xatirəmdə yaşayacaqsan: O sevgi, o duyğu, o həsrətli, sən… — https://www.tdksb.org/works/xuraman-muradova-oteri-nagil