Xuraman Muradova - SAXTA İNSANLAR
Zaman ötər, düşər pərdə, üzə çıxar simalar,
Öz hördüyü tor içində batar saxta insanlar.
Gülüşlə örtülən sözdə nə hörmət, nə ixlas var,
Üzümüzə gülə-gülə baxar saxta insanlar.
Həqiqətin nuru doğsa, yalan çox ömür sürməz,
Dost adıyla min bir yalan qurar saxta insanlar.
Kiminlə yol getsən belə, sirrini açma ona,
Etibarın sarayını yıxar saxta insanlar.
Rol oynayar ömür boyu, sənə doğma görünər,
Dara düşsən, həyatından çıxar saxta insanlar.
İşıqlı günündə səndən ayrılmaz, dost olarlar,
Dar günündə səni yada satar saxta insanlar.
Vicdanını satan kəsdə nə sevgi, nə vəfa var,
Fürsət tapıb kürəyindən vurar saxta insanlar.
İnandıq, saf inamımız onlara fürsət oldu,
Ürəklərə ağır yara salar saxta insanlar.
İllər boyu bəzənsə də, gizli qalmaz əsl üzü,
Xuraman, dar gündə üzə çıxar saxta insanlar.
— TDKŞB, 8 oktyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.