Xuraman Muradova: "Şəhidlər xiyabanı..., BİR ANA LAYLA DEYİR..." TDKŞB · 27.09.2026 Şəhidlər xiyabanı... Hər yer sükut içində... Sanki burda məzarlar hamısı bir ölçüdə, hamısı bir biçimdə. Uzaqdan bir səs gəlir... Bir ana layla deyir Ürək yandıran ahla. Salamlayır gecəni Açılmayan sabahla... Gah coşğun, gah da həzin, gah da harayla deyir. Bir ana xiyabanda oğluna layla deyir… Oğlunun baş daşını öpərək qucaqlayır. Ana elə göynəyir, ana elə ağlayır.... Deyir hardasan oğul, niyə geri dönmədin? Sənsiz sönüb ocağım, Boş qalıbdı qucağım. Məzarına gəlmişəm deyiləsi sözüm çox, Bura son ümid yerim, Gediləsi yerim yox... Ana boynunu büküb için-için sızlayır. Oğlunun baş daşını həsrətlə qucaqlayır. Birdən ah cəkib susur, Şəhid oğul önündə sanki səcdəyə durur... Ahı göyü yandırır, ahı yeri yandırır... Oğulun səsi gəlir… Ana bir an dincəlir, ilmə-ilmə sökülür, ilmə-ilmə incəlir... Ağlama, can ay ana, Şəhid anasısan sən! Bu torpağın, bu yurdun enməz Qalasısan sən! Oğlun şəhiddir ana, şəhidlər ölməz axı! Onların cənnətidir yaradanın dərgahı. Bir başını qaldır sən, vətən göylərinə bax. Şəhidin gülümsəyir, ordan sənə baxaraq Sevinclə o göylərdən səni müjdələyəcək Son nəfəsində səni cənnətə götürəcək... Şəhidlər xiyabanı... hər yer sükut içində. Sanki burda məzarlar hamısı bir ölçüdə, hamısı bir biçimdə… Uzaqdan bir səs gəlir, Bir ana layla deyir, gah coşğun, gah da həzin Gah da harayla deyir. — https://www.tdksb.org/works/xuraman-muradova-sehidler-xiyabani-bir-ana-layla-deyir-dd2slaa