Xuraman Muradova - SEVGİLİMDƏN BİR XƏBƏR TDKŞB · 29.08.2026 SEVGİLİMDƏN BİR XƏBƏR Xuraman Muradova Sevgilimdən bir xəbər Küləklərdən istədim. Küləklər də söylədi: «Mən onu heç görmədim…» Sonra tutdum üzümü Yağan yağmurlara mən. Yağmurlar da utanıb Yağmadı, küsdü məndən. Dedi: «Bizdə xəbər yox Sənin o sevgilindən…» İstədim ki, soruşam Səni mavi Xəzərdən. Xəzər də cuşa gəldi: «Xəbər gözləmə məndən…» Sonra baxdım göylərə, Üz tutdum günəşə mən. Günəş də küsmüş məndən, Dedi: «Aydan soruş sən…» Heç özüm də bilmədən Üşüdü ruhum nədən. Aydan xəbər istədim, Ay da utandı məndən. Qorxdu, şahid çəkərəm Onu sevgimizə mən… Sevgilimdən bir xəbər, Bir xəbər verin, yetər… Ay da üzümə baxdı, Baxışında min kədər. Dedi: «Sən onu niyə Sevdin axı bu qədər?» Küləklər də susdular, Yağmurlar küsdü məndən. Lal qaldı mavi Xəzər, Günəş də küsdü məndən… Ay da gizlənib getdi, Üzündə qəm və kədər. Söylədi: «Bəs sən onu Niyə sevdin bu qədər?» Söylədi: «Bəs sən onu Niyə sevdin bu qədər?..» — https://www.tdksb.org/works/xuraman-muradova-sevgilimden-bir-xeber