Xuraman Muradova - Sübh dualarım TDKŞB · 30.09.2025 Sübhün ilk anlarında dünya sükuta bürünür… Qaranlığın qoynunda işıq gizlənir, üfüqlər hələ oyanmamış olur. Və insan öz qəlbinin ən dərin səssizliyində bir nida eşidir. O nida – Yaradanla danışan ruhun səsidir. Dua bu anlarda başqa cür səslənir: nə səslə deyilir, nə dillə… o, qəlbin pıçıltısına çevrilir. Buludları yara-yara ucalır, ulduzlara toxunur, mələklərin qanadına qarışır. İnsan o anda həm zəif, həm də güclü olur – zəif, çünki acizliyini anlayır; güclü, çünki imanın gücünü dərk edir. Sübh duası – ruhun işığa doğru yoludur. Hər yalvarışda ümid doğulur, hər səcdədə sevgi böyüyür. Və o anlarda insan özünü Rəbbinə ən yaxın hiss edir. Elə həmin anların nəfəsindən doğuldu içimdə bu misralar — “Sübh Dualarım”… Sübh Dualarım Sübh namazında – hələ qaranlıqda, İşıq doğmamış, üfüqlər yanmamış. Dənizlərin üzərindən süzülən dualarım, Buludları yara-yara yüksəlir göylərə. O dualar – qəlbimin sükut çiçəkləridir, Yaradana boylanan yalvarış səsləridir, Səmalara toxunur, ulduzlara qarışır, Mələklər də dil açıb elə məndən danışır. Sabahın sükutunda eşidilən bir nida, Ümidimin çırağı, ruhumun yüksəlişi. Göylərə qalxan o saf yalvarışlar... Məni Rəbbimə ən yaxın edən anlar. Şükürlə açılar dua əlləri, Səmada pıçıldar iman dilləri. Rəhmətin yağışı ruhuma qonar, Ümidlə açılar könül gülləri. O-Allaha bağlılıq o, ruhun pıçıltısı, O, rəhmət yağışıdır, göydən yerə dönəcək. Dua acizlik deyil, iman gücünün səsi, O sevgidən yaranır, Yaradana dönəcək… Xuraman Muradova — https://www.tdksb.org/works/xuraman-muradova-suebh-dualarim