Xuraman Muradova - Türk ruhu TDKŞB · 03.09.2026 TÜRK RUHU Xuraman Muradova Biz ki Altaydan doğan bir nuri-cahan olmuşuq, Eyni kökdən, eyni qandan əhdi-peyman olmuşuq. Biz əzəldən var olan bir nəsli-izzət olmuşuq, Kök salıb tarixə biz, bir şanlı dövlət olmuşuq. Sarsılmaz təməllərlə həm soyumuz, həm kökümüz, Aləmin hər dövründə hər dəm əzəl-var olmuşuq. Qorxu bilməz bir cəsarət, bir şücaət olmuşuq, Biz yenilməz bir qüvvəylə sarsılmaz can olmuşuq. Zərbəmizdən titrəyib yer, hökmü-fərman olmuşuq, Göy üzündə parlayan bir uca ünvan olmuşuq. Haqqı yaydıq biz cahanda, nuri-rəhmət saçmışıq, Zülmə qarşı bir səddik, məzluma imkan olmuşuq. Biz ədalət bayrağın yüksəltmişik hər bir yerdə, Kimsəsizin qəlbinə hər dəm pənah-can olmuşuq. Səsləyir Turan bizi, hər bir nəfəsdə min nida, Ruhu-vəhdət tək gəzib biz, tək bir ünvan olmuşuq. Türkiyə, həm Azərbaycan — bir amaldır, bir vücud, Biz bu vəhdət nuru ilə fəxri-dövran olmuşuq. Vermişik min-min şəhid, torpağı gülşən eylədik, Qan töküb hər bir qarışda canla qurban olmuşuq. Mərdü-meydandır bu millət, qeyrəti-vicdanı var, Saf səmimiyyət yolunda sanki bir can olmuşuq. Hikmətində mülki-namus hər zaman bir nur alar, Pak olan şərəf ilə biz fəxri-nişan olmuşuq. Biz ki eşqi-Xaliq ilə hər dəm olduq birlikdə, Səcdədə alnı açıq, həm əhli-iman olmuşuq. Al qanıyla bayrağa həm şölə, həm nəfəs verib, Dönməyib eşqindən əsla, vətənə qurban olmuşuq. Zatımız ali-nəcabət, şanlı tarix şahiddir, Biz cahan mülkündə hər dəm fəxri-insan olmuşuq. Yaz, Xuraman, yaz, Türkün uca ruhu bitməz, ölməz, Haqq yolunda birləşib, sarsılmaz insan olmuşuq. — https://www.tdksb.org/works/xuraman-muradova-turk-ruhu