Xuraman Muradova - Vətən TDKŞB · 20.05.2026 Torpaq altından ucalmış bir müqəddəs can bilir, Qanda daşınan ən ali bir əmanətdir — vətən! Kölgə sanma sən o bayrağı, ucalmış ərşə bax, Millətin can rəmzi, qeyrətlə şərafətdir — vətən! Mən kitabdan öyrənmədim eşqi, baxdım gözlərə, Şəhid anasından qalan dərsi-məhəbbətdir — vətən! İstər sussun, istər dastanlar desin hər bir könül, Səslənən hər dildə tək sirli həqiqətdir — vətən! Yansa sinəm, sönməyən bir od var artıq ürəkdə, Şöləsi dünyanı fəth etmiş hərarətdir — vətən! Hər kəsin bir sevgisi var bu cahanda, ey könül, Bizə bəxş olmuş o can adı səadətdir — vətən! Can qoyub torpağa, tarixə qanla yazdı adı, Mərd igidlərdən qalan ali şücaətdir — vətən! Ucalar o kəs ki, hər vaxt arxasında millətin, İgid oğullarımızdan bir əmanətdir — vətən! Göy üzündə çox sadə sanma o al bayraqları, Hər bir damarda axan qanla fəzilətdir — vətən! Ömrü fani sanma sən, vətən deyən can yaşayar, Qocalmaz heç vaxt o qəlb, bil əbədiyyətdir — vətən! — https://www.tdksb.org/works/xuraman-muradova-veten