Sözümüz bir, dünyamız bir.
HaqqımızdaƏlaqəTDKŞB · 2025
Xəbərlər

Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova: “Nəriman Həsənzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının söz çinarı idi”

Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı Xuraman Muradova: “Nəriman Həsənzadə təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının söz çinarı idi”

Bu acı xəbəri eşidəndə böyük sarsıntı keçirdim. Xalq şairimiz, Azərbaycan ədəbiyyatının korifeyi, müdrik ağsaqqalımız Nəriman Həsənzadənin haqq dünyasına qovuşması təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyasının ədəbi-mədəni həyatı üçün ağır itkidir.

Nəriman Həsənzadə Azərbaycan poeziyasının uca zirvələrindən biri, milli düşüncənin, vətənpərvərliyin, mənəvi saflığın və humanizmin parlaq siması idi. O, sözün qüdrəti ilə milyonlarla oxucunun qəlbinə yol tapmış, yaradıcılığı ilə milli-mənəvi dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə misilsiz xidmət göstərmişdi.

Azərbaycan ədəbiyyatının üzərinə kölgə salan qocaman Dədə Palıd ağacı idi Nəriman Həsənzadə. Saflığın, ülviyyətin, səmimiyyətin və pak duyğuların şairi, hər kəsə ata qayğısı göstərən müdrik ağsaqqal idi. Onun sözü, şəxsiyyəti və həyat yolu gənc qələm adamları üçün əsl məktəb idi. Belə şəxsiyyətlər zamanın fövqündə dayanır və xalqın yaddaşında əbədi yaşayırlar.

Mənim yaradıcılıq taleyimdə də Nəriman müəllimin xüsusi yeri olub. Onun xoş sözü, mənəvi dəstəyi, sənətə və insana verdiyi yüksək dəyər mənə həmişə güc verib. O, qələmimə inam bəxş edən, sözə məsuliyyətlə yanaşmağı öyrədən böyük ustadlardan biri idi. Bu mənəvi borcu və qayğını ömrüm boyu minnətdarlıqla xatırlayacağam.

Türk Dünyası Qadın Şairlər Birliyinin başqanı olaraq əminliklə deyə bilərəm ki, Nəriman Həsənzadənin yaradıcılığı təkcə Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının ortaq ədəbi irsinə qiymətli töhfədir. Onun əsərləri gələcək nəsillər üçün də mənəviyyat, vətən sevgisi və milli kimlik məktəbi olaraq yaşayacaq.

Uca Allahdan böyük ustadımıza rəhmət diləyir, ailəsinə, doğmalarına, Azərbaycan Yazıçılar Birliyinə, bütün ədəbi ictimaiyyətimizə və Türk dünyasının söz adamlarına dərin hüznlə başsağlığı verirəm.

Məkanı cənnət, ruhu şad olsun! Əziz xatirəsi xalqımızın qəlbində və Türk dünyasının ədəbi yaddaşında əbədi yaşayacaq.

Əlavə edilib
06:23
Oxunma
33
Oxuma müddəti
2 dəq oxu
Orijinal dil
Azərbaycan dili
Paylaş:FacebookXTelegramWhatsApp

Şərhlər

0

Söhbətə ilk siz qoşulun.