Xuraman Muradova - BİR GÜN GEDƏRİK
Ömür bir əmanət, dünya bir yalan,
Nə qədər sarılsaq, saxlamaz cahan.
Biz də bir yolçuyuq, ömür bir karvan
Hər şeyi buraxıb bir gün gedərik…
Yarımçıq sözləri qoyub dodaqda,
Bir isti nəfəsi qoyub otaqda,
Bir cüt yaşlı gözlər qalar soraqda
Dönməz bir səfərə bir gün gedərik.
Nə şöhrətlər gedər, nə var, nə sərvət,
Bizdən tək yadigar qalacaq hörmət.
Bir könüldə sevgi, bir dildə rəhmət
Xatirə qoyaraq bir gün gedərik.
Bir şəkil boylanar səssiz divardan,
Bir tanış qoxumuz keçər bahardan,
Adımız çəkilər kövrək dodaqdan
Bir nisgil buraxıb bir gün gedərik.
Xuraman, nə qalar ömürdən, candan?
Bir dua səslənər bəlkə uzaqdan.
Adımız silinsə belə zamandan
Bir könüldə qalıb bir gün gedərik…
— TDKŞB, 28 sentyabr 2026





Şərhlər
0Söhbətə qoşulmaq üçün daxil olun
GirişSöhbətə ilk siz qoşulun.